Böyük Azərbaycan Şairi Molla Pənah Vaqifin 300 Illik Yubileyinə Həsr Olunmuş «M.P.VAQİF VƏ MÜASİRLİK» Mövzusunda Respublika Elmi-Praktik Konfransının
Total Page:16
File Type:pdf, Size:1020Kb
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ BAKI DÖVLƏT UNİVERSİTETİ Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr olunmuş «M.P.VAQİF VƏ MÜASİRLİK» mövzusunda Respublika elmi-praktik konfransının MATERİALLARI 7 dekabr 2017-ci il «Елм вя тящсил» Бакы – 2017 M.P.Vaqif və müasirlik KONFRANSIN TƏŞKİLAT KOMİTƏSİ Akad. A.M.Məhərrəmov sədr, rektor AMEA-nın müxbir üzvü, sədr müavini, Elm və innovasiyalar üzrə prorektor prof. A.H.Kazımzadə Dos. E.H.Məmmədov sədr müavini, Filologiya fakültəsinin dekanı Prof. İ.N.Əliyeva üzv, Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor Prof. S.T.Hacıyev üzv, Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektor Akad. N.A.Paşayeva üzv, kafedra müdiri Prof. A.O.Məmmədova üzv, Magistratura və doktorantura şöbəsinin müdiri Prof. N.Q.Xəlilov məsul katib, Filologiya fakültəsi elmi işlər üzrə dekan müavini KONFRANSIN PROQRAM KOMİTƏSİ Prof. C.Q.Nağıyev üzv, kafedra müdiri Prof. H.A.Əsgərov üzv, kafedra müdiri Prof. A.C.Hacıyev üzv, kafedra müdiri Prof. Ə.Ə.Rəcəbli üzv, kafedra müdiri Prof. S.Ə.Abdullayeva üzv, kafedra müdiri Prof. L.H.Quliyeva üzv, kafedra müdiri Prof. M.M.Cəfərov üzv, kafedra müdiri Prof. R.B.Əskər üzv, kafedra müdiri Prof. S.H.Orucova üzv, kafedra müdiri Prof.T.H.Hüseynov üzv, kafedra müdirinin müavini Dos. Ə.M.Paşayeva üzv, kafedra müdiri Dos. S.V.Abbasova üzv, kafedra müdiri Dos. A.Q.Abbasov üzv, kafedra müdiri Dos. B.İ.Hacıyev üzv, kafedra müdiri Dos. E.N.Fərəcullayeva üzv, kafedra müdiri TƏŞKİLATİ İŞLƏR ÜZRƏ KOORDİNATORLAR Fil.ü.f.d.Ü.H.Hüseynova “Türkoloji araşdırmalar” ETL-in böyük elmi işçisi, baş koordinator P.E.Eyvazov “Türkoloji araşdırmalar” ETL-in kiçik elmi işçisi R.Ə.Bayramov “Türkoloji araşdırmalar” ETL-in kiçik elmi işçisi A.T.Fərəcov “Türkoloji araşdırmalar” ETL-in böyük laborantı A.Ə.Sadıqlı Doktorant © ”Elm və təhsil” nəşriyyatı, 2017 © BDU 2017 2 M.P.Vaqif və müasirlik ELÇİN MƏMMƏDOV Filologiya fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru Bakı Dövlət Universiteti MOLLA PƏNAH VAQİF Molla Pənah Vaqif Şərq şeirinin bütün vəznlərini yaxşı bilən, doğma dilində, xalqının ruhunu və zövqünü oxşaya biləcək səpkidə yazıb-yaratmağı üstün tutan görkəmli söz ustalarından biridir. Ədəbiyyatşünas alim Firidun bəy Köçərli Vaqifin xalq ədəbiyyatı ruhunda yazdığı əsərlərinin “...həqiqi həyatdan nəşət etdiyini” söyləyir, Vaqifi həyatı doğru təsvir edən bir realist kimi müasirlərinə nümunə göstərirdi: “Yüz sənə bundan irəli ata-babalarımızın dolanacağını, ədəb və əxlaqını, libas və təamlarını, arzu və təmənnalarını, fikir və xəyalatını və bilcümlə o əsrin övza (vəziyyət) və dəstgahını Vaqif... gözəl əşar (şeir) və kəlami-abidar (xoşagələn) ilə yazıb gələcək nəsil üçün unudulmayan bir əlamət və yadigar qoymuşdur”. Vaqifin sadə, anlaşıqlı dilindən Səməd Vurğun da “Öz xalqının böyük oğlu” adlı məqaləsində bəhs edərək yazır ki, “Vaqifdəki gözəl, dərin lirizm, sadəlik və xəlqilik, həm də şairlərimiz üçün ən böyük poetik məktəbdir”. Molla Pənah Mehdi ağa oğlu Vaqif 1717-ci ildə Qazax mahalının Qıraq Salahlı kəndində dünyaya göz açmışdır. O, mədrəsədə dövrünün görkəmli ziyalısı Şəfi Əfəndinin yanında təhsil almış, ərəb və fars dillərini öyrənməklə yanaşı, həm də astronomiya, riyaziyyat, musiqi və poetika üzrə biliklərə də yiyələnmişdi. XVIII əsrin 50-ci illərinin sonlarında Qazax mahalında və qonşu Gürcüstan sərhədlərində feodal özbaşınalığı və hərc-mərcliyi nəticəsində bir çox ailələr öz doğma yurdlarını tərk etməli olmuşdur. Bu səbəbdən həmin dövrdə - 1759-cu ildə Vaqifin ailəsi də Qarabağa köçmüş, Cavanşir mahalının Tərtərbasar kəndində yerləşmişdir. Maddi və mənəvi sıxıntılar keçirən Vaqif burada məktəbdarlıqla məşğul olmuş, məşhur “Bayram oldu” şeirini də məhz həmin illərdə yazmışdır. Bir müddət sonra şair Qarabağ xanlığının mərkəzi Şuşa şəhərinə köçmüş, şəhərin Saatlı məhəlləsində məktəb açmışdır. Vaqifin alimlik və şairlik şöhrəti yüksək dairələrə də çatmış və o saraya dəvət olunmuşdur. Qarabağ hökmdarı İbrahim xan onu əvvəlcə eşik ağası, sonra isə baş vəzir təyin etmişdir. O, təxminən 27 il Qarabağ sarayının ən mötəbər və uzaqgörən xadimi olmuş, öz müdirkliyi və intellekti ilə xalq arasında geniş şöhrət qazanmışdır. Vaqifin saraya gəlməsi barədə bir neçə rəvayət mövcuddur. Bunlardan biri ondan ibarətdir ki, Vaqif ayın tutulması və zəlzələ olacağı barədə əvvəlcədən dəqiq xəbər verir və bu xəbəri xana çatdırırlar. Şairin dərin ağıl və zəkasından heyrətə gələn xan onunla tanış olmaq istəyir və fəaliyyətini sarayda davam etdirməyi təklif edir. İkinci rəvayət isə hələ Gəncədə ikən M.P.Vaqif Cavad xana bir şikayətçinin dilindən ərizə yazır. Ərizənin yazılış tərzi, üslubu xanı o qədər valeh edir ki, o, Vaqifi saraya dəvət edir. Lakin sonradan İbrahimxəlil xanın təkidi və xahişi ilə onun Qarabağa qayıtmasına icazə verir. Məlum olduğu kimi, 1795-ci ildə Ağa Məhəmməd şah Qacar Şuşaya hücum etmiş, lakin Şuşa qalasını ala bilməmişdir. 1797-ci ildə ikinci dəfə Şuşaya hücum edən Şah Qacar Vaqifi həbs etdirərək zindana saldırmışdır. Sui-qəsd nəticəsində Ağa Məhəmməd şah Qacar öldürüldükdən sonra Vaqif azadlığa çıxmışdır. Lakin şairin bu sevinci də uzun sürməmişdir. Şahın ölümündən sonra ordu şəhəri tərk edərək qaçmış, bundan istifadə edən İbrahim xanın qardaşı oğlu Məhəmməd bəy Cavanşir hakimiyyəti ələ keçirmişdir. Bir qədər sonra, 1797-ci ildə o, Vaqifi oğlu Əliağa ilə birlikdə edam etdirmişdir. Vaqifin əsərlərində Azərbaycan xalqının adət və ənənələri, yerli xüsusiyyətləri özünün parlaq əksini tapmışdır. Böyük şairin yaradıcılığında ruh yüksəkliyi və həyata bağlılıq əsas motivlərdən biridir. O, xalqdan qüvvət almış, xalq ədəbiyyatının nikbin əhvali-ruhiyyəsindən qidalanmışdır. Şairin həyatda nikbin baxışını ifadə edən əsərləri içərisində onun Vidadi ilə deyişməsi daha səciyyəvidir. Həyata bağlı olan şair hətta 3 M.P.Vaqif və müasirlik qarşılaşdığı çətinlikləri belə toy-bayram hesab edir, “Toy-bayramdır bu dünyanın əzabı, əqli olan ona gətirər tabı” deyir, həyatın hər anından istifadə edib, xoşbəxt ömür sürməyi məsləhət görür. Molla Pənah Vaqifin şeir dili - Azərbaycan dilinin sadəliyini, xəlqiliyini, incəliyini, gözəlliyini və zənginliyini dolğun şəkildə əks etdirir. M.P.Vaqifin dilində 3506 söz işlənib. Onlardan 1686-sı isim, 656-sı sifət, 438-i feildir. 1686 isim 8244 dəfə təkrar olunduğu halda, 656 sifət 1904 dəfə təkrar olunub. Həmçinin Vaqifin dilində ən çox işlənən isimlər göz (211 dəfə), can (167 dəfə), zülf (160 dəfə), üz (120 dəfə), ən çox işlənən sifətlər isə gözəl (176 dəfə), ağ (64 dəfə), xoş (52 dəfə) sözləridir. Xalq öz diriliyi olan dilinin təmizliyini, saflığını, munisliyini Molla Pənah Vaqifin şe'rində tapdı. Xalqın folklor dilini, danışıq- ünsiyyət dilini Molla Pənah yazılı ədəbi dil hüququna qaldırdı. O, milli ədəbi dilin xəlqilik inkişafına adilik tonu əlavə etdi. Bununla da Vaqif bədii üslubun dil üfüqlərini xeyli genişləndirdi, üslubun xəlqi dil qolunu klassik dilin müqabilinə çatdırdı – bu müqabillik nüfuz, hörmət, sənətkarlıq əlamətlərini əhatə edirdi. XVIII əsrdə xəlqi dil inkişaf meylini, dil dəbini (uzus) əks etdirmək baxımından klassik dildən qabağa çıxır. Leksik-frazeoloji adiliyin poetizm səviyyəsinə qaldırılması ilə Vaqif klassik poeziya dilinin kultunu qırdı. Vaqifin şeirlərində Azərbaycan dilinin geniş poetik imkanları canlı şəkildə yaşayır. Bu, geniş mənada ədəbiyyatın dilində islahatlar aparmaq demək idi. Çünki klassik Azərbaycan ədəbiyyatında möhkəm yer tutan əruz vəzninin qəlibləri xalqın canlı danışıq dilindən istifadənin genişləndirilməsinə imkan vermirdi. Molla Pənah Vaqifin islahatları sayəsində əruz vəznində yaradılmış qəzəl-qəsidə ədəbiyyatının yerində sadə, canlı və aydın dildə, heca vəznində yazılmış qoşma-gəraylı poeziyası aparıcı istiqamətə çevrilmişdir. Yeni tipli bu ədəbiyyatda, ümumiyyətlə, dövran və məhəbbət deyil, konkret olaraq zaman, məkan, insan və sevgi öz əksini tapmışdır. Molla Pənah Vaqif şeirlərində geniş mənada xalq həyatından böyük ilhamla və xalqın özünün danışdığı dildə söz açır. Bu mənada: Molla Pənah Vaqif - Azərbaycan yazılı ədəbiyyatında heca vəznli şeirin yaradıcısıdır; Vaqif - xalq həyatının böyük nəğməkarıdır; Vaqif - Azərbaycan mövzusunu şeirin əsas mövzusuna çevirmişdir; Vaqif - Azərbaycan ədəbi dilinin banisidir; Vaqif - erkən yeni dövr Azərbaycan realist ədəbiyyatının əsasını qoymuşdur. Böyük mütəfəkkir Mirzə Fətəli Axundzadə “Nəzm və nəsr” adlı məqaləsində Molla Pənah Vaqifi “nadir vücuda gələn”, “xəyalatında təsir olan”, şeirdə yeni yol açan (rəhnüma) şair kimi yüksək qiymətləndirmişdir. O, ədəbiyyatda realist şeirin meydana gətirilməsində Molla Pənah Vaqifin “müqəddəm” şair olduğunu da xüsusi olaraq nəzərə çarpdırmışdır Vaqifin yaradıcılığında məhəbbət lirikası əsas yer tutur. Gözəllərin vəsfi Vaqif lirikasının əsas motividir. “Zeynəb”, “Bəri bax” qoşmalarında şair onların bədii portretini böyük məharətlə yaradıb, etnoqrafik detalları, milli koloriti qabarıq şəkildə əks etdirib. Onun qələmə aldığı gözəllər bütün xarici məlahəti və daxili zənginliyi ilə təsvir edilir. Molla Pənah Vaqifin əsərlərində Azərbaycan xalqının adət və ənənələri, yerli və məhəlli xüsusiyyətləri özünün parlaq əksini tapır. O, insanı fiziki və mənəvi cəhətdən kamil, harmonik inkişafda görmək istəyirdi. Dünya və dünyəvi ideallar şairi kimi, nikbinlik, həyatsevərlik onun poeziyasının ümdə xüsusiyyəti idi. Şeirlərində ictimai ədalətsizlik və bərabərsizliyə qarşı nifrət ifadə olunurdu. Vaqif yaradıcılığında “Badi-səba, bir xəbər ver könlümə”, “Namə, gedər olsan yarın kuyinə”, “Bayram oldu”, “Görmədim”, “Gözlərin cəlladdır, baxışın yağı”, “Durnalar”, “Heyran olmuşam” və s.şeirləri xüsusi yer