2 NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2016, № 4(78) NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2016, № 4 (78) НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2016, № 4 (78) ƏDƏBİYYATŞÜNASLIQ HÜSEYN HƏŞİMLİ Naxçıvan Dövlət Universiteti E-mail:
[email protected] UOT: 82: 316. 3 İZZƏDDİN HƏSƏNOĞLUNUN BİR QƏZƏLİ HAQQINDA Açar sözlər: Azərbaycan ədəbiyyatı, poeziya, İzzəddin Həsənoğlu Key words: Azerbaijan literature, poetry, Izzeddin Hasanoglu Ключевые слова: Азербайджанская литература, поэзия, Иззеддин Гасаноглы On üçüncü yüzillikdə yazıb-yaratmış Şeyx İzzəddin Həsənoğlu doğma dilimizdə lirik şeirləri dövrümüzə çatmış ilk Azərbaycan şairi kimi ədəbiyyat tariximizdə mühüm mövqe tutur. Hazırda elm aləminə şairin üçü Azərbaycan, biri fars dilində olmaqla cəmi dörd qəzəli məlumdur.Bu məqalədə biz İzzəddin Həsənoğlunun Azərbaycan elmi-ədəbi ictimaiyyətinə təqdimedilmə tarixi baxımından doğma dildə ikinci şeiri - “Necəsən, gəl ey yüzü ağum bənüm” misrası ilə başlanan qəzəli barədə bəzi məsələləri araşdırmaya cəlb edəcəyik. Həmin şeiri alman şərqşünası, Hamburq Universitetinin professoru Barbara Flemminq aşkara çıxarmış, 27-29 sentyabr 1972-ci il tarixlərdə Türkiyədə keçirilmiş I Türk Dili Bilimsəl Qurultayında etdiyi “Sultan Qavri divanında naməlum şeirlər” adlı məruzəsində bu barədə elmi ictimaiyyətə məlumat vermişdir. Dinlənilmiş məruzələrin materialları Türkiyədə 1975-ci ildə çap olunmuşdur və B.Flemminqin təqdim etdiyi mətn daxilində Həsənoğlunun qəzəli də verilmişdir (bax: 3, s.332). Həmin elmi tədbirdə iştirak edən Azərbaycan alimi Fərhad Zeynalov alman şərqşü- nası B.Flemminqin aşkarladığı qəzəl barədə Bakıda çıxan “Ədəbiyyat və incəsənət” qəzetinin 25 noyabr 1972-ci il tarixli sayında dərc olunmuş “Həsənoğlunun azərbaycanca yeni şeiri” adlı yığcam məqaləsində məlumat vermiş, şeirin mətnini də oxuculara çatdırmışdır (7). Fərhad Zeynalov yazırdı: “B.Flemminqin məlumatından aydınlaşdı ki, o, yeni bir Misir türk əlyazmasında Həsənoğluya aid ola bilən ikinci bir şeirə də rast gəlmişdir.