Lmi Əsərlər. Humanitar Elmlər Seriyası 2016, № 78
Total Page:16
File Type:pdf, Size:1020Kb
2 NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2016, № 4(78) NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2016, № 4 (78) НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2016, № 4 (78) ƏDƏBİYYATŞÜNASLIQ HÜSEYN HƏŞİMLİ Naxçıvan Dövlət Universiteti E-mail: [email protected] UOT: 82: 316. 3 İZZƏDDİN HƏSƏNOĞLUNUN BİR QƏZƏLİ HAQQINDA Açar sözlər: Azərbaycan ədəbiyyatı, poeziya, İzzəddin Həsənoğlu Key words: Azerbaijan literature, poetry, Izzeddin Hasanoglu Ключевые слова: Азербайджанская литература, поэзия, Иззеддин Гасаноглы On üçüncü yüzillikdə yazıb-yaratmış Şeyx İzzəddin Həsənoğlu doğma dilimizdə lirik şeirləri dövrümüzə çatmış ilk Azərbaycan şairi kimi ədəbiyyat tariximizdə mühüm mövqe tutur. Hazırda elm aləminə şairin üçü Azərbaycan, biri fars dilində olmaqla cəmi dörd qəzəli məlumdur.Bu məqalədə biz İzzəddin Həsənoğlunun Azərbaycan elmi-ədəbi ictimaiyyətinə təqdimedilmə tarixi baxımından doğma dildə ikinci şeiri - “Necəsən, gəl ey yüzü ağum bənüm” misrası ilə başlanan qəzəli barədə bəzi məsələləri araşdırmaya cəlb edəcəyik. Həmin şeiri alman şərqşünası, Hamburq Universitetinin professoru Barbara Flemminq aşkara çıxarmış, 27-29 sentyabr 1972-ci il tarixlərdə Türkiyədə keçirilmiş I Türk Dili Bilimsəl Qurultayında etdiyi “Sultan Qavri divanında naməlum şeirlər” adlı məruzəsində bu barədə elmi ictimaiyyətə məlumat vermişdir. Dinlənilmiş məruzələrin materialları Türkiyədə 1975-ci ildə çap olunmuşdur və B.Flemminqin təqdim etdiyi mətn daxilində Həsənoğlunun qəzəli də verilmişdir (bax: 3, s.332). Həmin elmi tədbirdə iştirak edən Azərbaycan alimi Fərhad Zeynalov alman şərqşü- nası B.Flemminqin aşkarladığı qəzəl barədə Bakıda çıxan “Ədəbiyyat və incəsənət” qəzetinin 25 noyabr 1972-ci il tarixli sayında dərc olunmuş “Həsənoğlunun azərbaycanca yeni şeiri” adlı yığcam məqaləsində məlumat vermiş, şeirin mətnini də oxuculara çatdırmışdır (7). Fərhad Zeynalov yazırdı: “B.Flemminqin məlumatından aydınlaşdı ki, o, yeni bir Misir türk əlyazmasında Həsənoğluya aid ola bilən ikinci bir şeirə də rast gəlmişdir. Bu əlyazması, özü də şeir yazan Məmlük sultanı Kanısav əl-Qavriinin “Divan”ıdır. Bu “Divan”da Qavriinin həştad şeirindən əlavə, Həsənoğlunun, Nəsiminin, Yaşbek və başqalarının iyirmi doqquz şeiri toplanmışdır. B.Flemminqin fikrincə, Qavrii ”Divan”ında tapılan şeir Həsənoğlunun ola da bilər, olmaya da. Həmin dövrdə Həsənoğlu imzası ilə yazan digər bir şair də ola bilərdi. B.Flemminqə görə, Həsənoğlunun birinci şeiri ilə bu şeir arasında dil cəhətdən bir qədər fərq özünü göstərir.Şeiriyyət cəhətdən isə hər iki şeirdə ümumi cəhət daha çoxdur”. F.Zeynalovun yazdığına görə, B.Flemminq yeni aşkarladığı qəzəl barədə Azərbaycan alimlərinin fikirlərini bilmək istəyib... O vaxtdan ötən qırx ildən artıq müddət ərzində Azərbaycanda və Türkiyədə bir sıra tədqiqatçılar “Necəsən, gəl...” mətləli qəzəl haqqında elmi qənaətlərini bölüşmüş, əksəriyyət də bunu İzzəddin Həsənoğlunun əsəri kimi qiymətləndirmişlər. Araşdırmalar nəticəsində XIII-XIV əsrlərdə türkdilli ədəbiyyatda Həsənoğlu təxəllüsü ilə yazıb-yaradan digər bir şair barədə məlu- matlar əldə edilməmişdir. “Necəsən, gəl...” qəzəlinin Həsənoğluya aidliyinə tək-tək şübhələr olsa da, fikrimizcə, bunlar əsassızdır. Aparılmış araşdırmalardan görünür ki, B.Flemminqin tapdığı şeirlə Həsənoğlunun daha əvvəllərdən bəli olan “Apardı könlümü...” qəzəli arasında bir çox ortaq məziyyətlər vardır ki, bunlar eyni bir müəllifin duyum və deyim tərzi kimi xarakterizə olunur. Təhlil boyunca həmin məqamlara toxunacağıq. 3 Həsənoğlunun Sultan Qavri divanında olan qəzəlindən əvvəl şeiri yazanın kimliyi “Həsənoğlu fərmayəd” qeydi ilə bildirilmişdir. Həmin şeir belədir: Nеcəsən, gəl, еy yüzü ağum bənüm? Sən əritdün оdlara yağum bənüm. And içərəm səndən artuq sеvməyəm, Sənün ilə хоş kеçər çağum bənüm. Hüsn içində sana manənd оlmaya, Əsli yuca, gönlü alçağum bənüm. Al əlimi irəyim məqsuduma, Qоma yürəkdə yana dağum bənüm. Sən rəqibə sirrini faş еylədün, Anun ilə оldu şiltağum bənim. Qışladum qapunda itlərün ilə, Оldu kuyin uşda yaylağum bənüm. Bən ölücək yоlına gömün bəni, Baхa dursun yara tоprağum bənüm. Tоprağumdan bitə həsrətlə ağac, Qıla zari cümlə yaprağum bənüm. Bu Həsənоğlu sənin bəndəndürür, Anı rədd еtmə, yüzi ağum bənüm. (11, s.105-106) “Necəsən, gəl...” qəzəli də Həsənoğlunun “Apardı könlümü...” qəzəli kimi, məhəbbət mövzu- sunda yazılmışdır. Amma burada dünyəvi eşqin təqdimi daha aparıcıdır.İlk beytdə lirik qəhrəman öz ağüzlü sevgilisinə xitab edərək onun gəlişini arzulayır, bildirir ki, nigarın eşqinin ucbatından aşiqin bədəninin yağı odlarda ərimişdir. Əslində litota kimi səciyyələndirilən bu deyim düşünməyə əsas verir ki, aşiqi odlara salan məhz elə ilk misrada “gəl” deyə xitab olunan sevgilinin hicranıdır, ayrılıq atəşidir.İkinci beytdə aşiq and içərək öz sevgisinə sədaqətini vurğulayır, onunla keçən günləri xoş çağ sayır. Üçüncü beytdə əsas yeri nigarın tərənnümü tutur. Aşiq onun gözəllər içində onun bərabəri olmadığını vurğulayır. Eyni zamanda, sevgilinin mənəvi kamilliyinə də xüsusi diqqət yetirilir, bu gözəlin həm də “əsli yuca”, könlü alçaq” olması nəzərə çatdırılır. Fikrimizcə, burada şair gözəlin uca əsilli, yəni əsil-nəsəbli olsa da, lovğalanmadığını, davranışca, mənəviyyatca sadə, təvazökar, yetkin olduğunu demək istəmişdir. Bu beyt bir daha göstərir ki, qədim dövrdə “alçaq” sözü dilimizdə indikindən fərqli məna daşımışdır. Dördüncü beytdə aşiq sevgilisinə xitabən çəkdiyi hicrandan, ürəyinə çəkilmiş dağların yana biləcəyindən danışır, vüsal arzusunu ifadə edir. Beşinci beytdə sevgilidən müəyyən mənada giley- güzar duyğuları üzə çıxır. Anlaşılır ki, nigar bu eşqin sirrini rəqibə bildirmiş, aşiqlə onun arasında mübahisə, çəkişmə də olmuşdur. Lakin bunlara baxmayaraq lirik qəhrəman eşq yolunda fədakarlığını davam etdirir, hər cür əzablara, sınaqlara mətanətlə qatlaşır. Altıncı beytdə obrazlı şə- kildə deyilir ki, aşiq sevgilinin yaşadığı yerin önündə daimi məskən salmışdır, qışı onun qapısında itlərlə qışlayır, yayda isə yar yaşayan küçəni özünə yaylaq edir. Yəni lirik qəhrəmanın eşq naminə gecəsi, gündüzü yoxdur, o, yar yolunu gözləməkdə, daima bu sevgi üçün iztirab çəkməkdədir. Amma bu əzab aşiq üçün usandırıcı deyil. 4 Yeddinci beytdən anlaşılır ki, aşiq hətta dünyasını dəyişəndən sonra da bu eşqə sadiqliyinin, nigara hüdudsuz məhəbbətinin bilinməsini istəyir. O arzulayır (bəlkə də vəsiyyətdir): öləndən sonra məni sevgilim keçən yolda dəfn edin ki, məzarımın torpağı da yarıma tərəf baxsın... Yeddinci beytdəki “nisgilli mənzərə” (13, s.164) səkkizinci beytdə də davam edir. Bu dünyada kama çat- mayan, murada yetməyən nakam aşiq diləyir ki, öləndən sonra qəbrimin torpağında bitən ağacın yarpaqları da zar qılaraq, yəni ah-nalə çəkib ağlayaraq bu həsrəti bəyan etsin. Həsənoğlunun “Apardı könlümü...” şeirində olduğu kimi, “Necəsən, gəl...” qəzəlinin də son beytində aşiq gözələ xitabən özünü onun bəndəsi sayır, eşqinə cavab verilməsini, rədd olunmamasını istəyir. Beləcə,vüsal arzusuyla başlanan qəzəl elə bu aspektdə də tamamlanır. Şeirin ilk və son misralarının qafiyəsinin (“yüzü ağum”) eyniliyi də bu baxımdan təsadüfi deyil. Qəzəlin bəzi, daha dəqiqi, son beytlərində təsəvvüf ovqatının da bir qədər nəzərə çarpdığını deməliyik. İ. Həsənoğlunun “Apardı könlümü...” şeiri ilə müqayisədə “Necəsən, gəl...” qəzəlinin dili daha sadədir. Bunun bir səbəbi ilk qəzəldə subyekt-atribut münasibətlərinin təqdiminə xidmət göstərən poetik strukturun, ifadə tərzinin xüsusiyyətlərinə uyğun olaraq bütün beytlərin ikinci misralarının izafət birləşmələri üzərində qurulmasıdır ki, bu da özlüyündə şeirin dilində müəyyən ağırlaşma yaratmışdır. Beytlərdə ilk misralarla müqayisədə ikinci misraların nisbətən qəlizliyi, on- larda alınma sözlərin çoxluğu (hərçənd ki, bunların da böyük əksəriyyəti dilimizdə əsrlərdən bəridir ki, vətəndaşlıq hüququ qazanmışdır) da ilk növbədə bununla bağlıdır. Digər tərəfdən, filologiyada çoxdan təsdiqlənmişdir ki, klassik poeziyada hər hansı bir şairin təsəvvüf ovqatlı şeiri ilə dünyəvi məhəbbətə həsr edilmiş mənzum əsəri arasında dil-üslub xüsusiyyətləri baxımından müəyyən fərqlər qeydə alınır. Hətta həmin nümunələr eyni vəzndə və janrda yazılsa da. Ona görə də Həsənoğlunun sufiyanə məhəbbəti əks etdirən “Apardı könlümü...” qəzəlinin dili dünyəvi eşqin tərənnümünün üstünlüyü ilə seçilən “Necəsən, gəl...” şeiri ilə müqayi- sədə bir qədər qəlizdir və bu hal təbii sayılmalıdır.Amma bütövlükdə bu qəzəllərin “arasında hər ikisinin eyni bir sənətkar yaradıcılığının bədii məhsulu olduğuna dəlalət edən bir daxili yaxınlıq, uyarlıq da özünü göstərir” (1, s.82-83). Azərbaycan MEA-nın müxbir üzvü Əbdüləzəl Dəmirçizadə Həsənoğlunun həmin iki qəzəlini müqayisə edərək yazırdı: “Bu iki qəzəlin eyni müəllif üslubu ilə bağlı olduğunu təsdiq edən aşağıdakı faktları da burada qeyd etməyi lazım bilirik: “Mən ölsəm” - “Bən ölicək”, Sənünlən içdigim badə - “Sənünlən xoş keçər çağum bənim”, “Həsənoğlu sana...sadiq bəndə” - “Bu Həsənoğlu sənin bəndəndürür”...Bu qəzəllərin hər ikisində Sən - Mən qarşılığı xüsusi üslubi mahiyyət daşıyır və eyni müəllifin ifadə üsulunu nümayiş etdirir. Məsələn: “Mən ölsəm, sən büti-şəngül...” - “Sən əritdün odlara yağum bənüm” (5, s.143).Professor Nizami Xudiyev də bu məqamlara diqqət yetirmişdir (10, s.41). Ədəbiyyatşünaslığın gəldiyi aşağıdakı nəticə “Necəsən, gəl...” qəzəli haqqında çoxsaylı elmi təhlillərin yekun ifadəsi sayıla bilər: “Bu qəzəl ümumi-əhvali-ruhiyyəsi, lirik qəhrəmanın mənəvi aləminin ifadə tərzi baxımından “Apardı könlümü...” qəzəlinə çox yaxındır... Ona görə də şeirin Həsənoğluya aid olduğunu inamla söyləmək olar” (6, s.242). Prof. N.Xudiyevin hesablamalarına