“Statistika xəbərləri, № 3/2019” İl 5, Cild 3, İyul-sentyabr, səh. 30-35 UOT: 332.1 DOI: 10.33870/1012-1211-2019-3-2493 QUBA-XAÇMAZ İQTİSADİ RAYONUNDA TƏHSİL MÜƏSSİSƏLƏRİNİN İNKİŞAFININ STATİSTİK TƏHLİLİ Famil Niftiyev Azərbaycan Milli Elmlər Akademiyasının Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru AZ 1143, Bakı şəhəri, Hüseyn Cavid prospekti 115 e-poçt:
[email protected] Açar sözlər: təhsil, məktəbəqədər, məktəb, infrastruktur, Quba-Xaçmaz. Ключевые слова: образование, дошкольное образование, школа, инфраструктура, Губа-Хачмаз. Keywords: education, preschool, school, infrastructure, Guba-Khachmaz. Təhsilin inkişaf etməsi ölkədə əhalinin rifahının yaxşılaşması, həm də insanların həyatının daha yüksək səviyyədə qurulmasına şərait yaradır. Təhsil cəmiyyətin formalaşmasına, əmək bazarında yer tutmaq, ətraf mühitə və sağlam həyat tərzinə düzgün mövqe seçmək imkanı verir. Sosial-iqtisadi həyatın müasirləşdirilməsində təhsilin rolu təkcə təhsilalanın qazandığı bilik və bacarıqların iqtisadi amilə çevrilməsi ilə məhdudlaşmır. Təhsil prosesində əldə olunan bilik və bacarıqlar, həmçinin etik-əxlaqi norma və dəyərlər hər bir təhsilalanın cəmiyyətin layiqli üzvü olması üçün lazımi şərait yaradır, onu biliyi və etik davranışı sayəsində örnək ola biləcək həmkara, nümunəvi ailə üzvünə və vətəndaşa çevirir [14]. Təhsil müəssisələrinin regional inkişafını əhəmiyyətli dərəcədə demoqrafik proseslərin gedişi, məskunlaşma prosesinin xüsusiyyətləri, əhalinin yaş, cins və s. strukturu, doğum, ölüm, təbii artımın səviyyəsi və s. müəyyən edir [8]. Quba-Xaçmaz iqtisadi rayonunda 2019-cu il yanvar ayının 1-i vəziyyətinə əhalinin sayı 549,4 min nəfər olmuşdur. Əvvəlki illərə baxsaq, görərik ki, bu göstərici 2000-ci ilin əvvəlinə 445,4 min nəfər, 2010-cu ilin əvvəlinə isə 492,4 min nəfər təşkil etmişdir. Bu da 1999-cu illə müqayisədə 104,0 min nəfər çoxdur.