“Xalq Qəzeti”.-2012.-8 Iyul.-N 149.-S.7. LERİK (Coğrafi, Tarixi Və
“Xalq qəzeti”.-2012.-8 iyul.-N 149.-S.7. LERİK (coğrafi, tarixi və etnoqrafik oçerk) Saz götürüb, dastan qoşum hüsnünə... Ulu Tanrı doğma Azərbaycandan, onun əsrarəngiz təbiətindən heç nəyi əsirgəməyib. Odlar diyarının hər guşəsi, hər bölgəsi öz təkrarolunmaz gözəlliyi, zəngin flora və faunası ilə insanı heyrətə gətirir. Bu baxımdan qocaman Talış dağlarının qoynuna sığınmış və Azərbaycanın "zümrüd qaşı" hesab edilən Lerik rayonunu xüsusi qeyd etmək lazım gəlir. Lerik rayonu cənub və cənub-qərbdən İran İslam Respublikası, şimal-qərbdən, şimal-şərqdən, şərqdən və cənub-şərqdən müvafiq olaraq Azərbaycanın Yardımlı, Masallı, Lənkəran və Astara rayonları ilə həmsərhəddir. İranla sərhəd boyu Talış, şimaldan isə Peştəsər və Burovar dağ silsilələri uzanır. Talış və Peştəsər dağ silsilələri arasında Zuvand (Diabar) çökəkliyi yerləşir. Rayonun (həm də Talış dağlarının) ən yüksək dağ zirvələri Kömürgöy (2492 m) və Qızyurdudur (2433 m). Lerik üçün yayı quraq keçən mülayim isti yarımsəhra və quru çöl iqlimi, həmçinin mülayim isti iqlim xarakterikdir. Qışı isə nisbətən sərt keçir. Orta temperatur yanvarda 1-dən 4 dərəcəyə qədər, iyulda 22-dən 26 dərəcəyə qədər olur. İllik yağıntının miqdarı 300 mm-dən 800 mm-ə (yüksək dağlıq ərazidə) qədərdir. 1965-1970-ci illərdə burada ekspedisiyada olan Sankt-Peterburq bioloqları bu ucqar diyara heyranlıqlarını belə ifadə etmişdilər: "Talış dağlarında hava hər kilometrdən bir dəyişir. Burada insanların uzun ömür sürmələrinin əsas səbəbi də məhz buranın ecazkar təbiəti ilə bağlıdır". Bitki örtüyü əsasən kolluq, seyrək meşəli çəmənlər və dağ meşələrindən ibarətdir. Lerik meşələrində palıd, vələs, ağcaqayın, iynəyarpaqlı palıd, azat və ən nəhayət, təbiətin şah əsəri olan dəmirağacı bitir. Lerik-Lənkəran yolu üzərindəki müqəddəs Babagil ziyarətgahının ərazisi, demək olar ki, başdan-başa dəmirağacı meşəsidir.
[Show full text]