Tat Dilinin Leksikası
3 Gülsüm Hüseynova. Tat dilinin leksikası ÖN SÖZ Hər bir dilin leksiklogiyasına elə bir özünəməxsusluq xasdır ki, bu, onu sistem kimi tədqiq edilməsinə müəyyən qədər mane olur. Qeyd edilən cəhəd ondan irəli gəlir ki, dilin leksik sistemi həmişə açıq və dəyişkəndir. Bu sistemdə həm mövcud sözlərin mənalarında dəyişmələr baş verir, sözün semantikası genişlənir, sıxılır, daralır. Söz dildə işlək qatdan çıxıb lüğət fondunun passiv qatına keçir. Bunun müqabilində dilə yeni sözlər daxil olur. Dil başqa dillərdən söz alır, başqa dillərə söz verir. Bütün bu hadisələr dilin leksik sistemində daim baş verir Bir hadisə dilin inkişaf tarixinin müəyyən dövründə daha çox müşahidə olunur, başqa bir hadisə isə sanki dayanır. Başqa dildən sözalma və başqa dilə sözün keçməsi, neologizmlərin yaranması və dilin lüğət tərkibinə daxil olması kimi proseslər bir-birindən fərqli formalarda baş verir. Məlumdur ki, tatlar irandilli xalq olub Xəzəryanı ərazilərdə – İranda, Azərbaycanın şimal-şərq rayonlarında, Abşeron yarımadasında, Dağıstanın cənub-şərqində, Dərbənd və Mahaçqala şəhərlərində məskunlaşmışlar. Azərbaycan ərazisində tatlar, əsasən, respublikanın İsmayıllı, Xızı, Şamaxı, Quba, Dəvəçi və Abşeron ərazilərində daha kompakt şəkildə yaşayırlar. Bu baxımdan tat dilinin leksikologiyasının Azərbaycan ərazisində yaşayan tatların dilinə dair materiallar əsasında tədqiq olunmasına ehtiyac duyulur. Doğrudur, tat dilinin leksikasına dair bir sıra tədqiqatlar mövcuddur. Lakin bu tədqiqatlar müəyyən bir ərazi ilə məhdudlaşdırıldığından araşdırmanın başqa ərazilər üzrə aparılması tələbi meydana çıxır. Məsələyə bu yöndən yanaşmaq tat dilinin leksik fondunun ümumi mənzərəsini aydınlaşdırmaq üçün xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanda yaşayan tatların dili Azərbaycan dili ilə daimi təmaslı əlaqədədir. Bu əlaqələr, 3 4 Gülsüm Hüseynova. Tat dilinin leksikası şübhəsiz ki, tat dilinin leksik sisteminə xüsusi təsir göstərir. Həmin təsirlərin müxtəlif aspektdən öyrənilməsi mümkündür.
[Show full text]